Görkəmli şəxsiyyətlər

Məhəmməd Tağı Sidqi

       Məhəmməd Tağı Sidqinin maarifçi ideyaları, bədii yaradıcılığı və elmi-pedaqoji əsərləri XIX əsrin sonları, XX əsrin əvvəllərinin maarifçilik hərəkatının və maarifçi-realist ədəbiyyatın mühim hadisəsidir. Onun ideyaları və çoxcəhətli fəaliyyəti nəinki Azərbaycan miqyasında, QafqazdaTürkiyədə və İranda da əks-səda doğurmuş, ümummilli inkişafa ciddi təsir göstərmişdir. Məhəmməd Tağı Sidqi universal elmi biliklərə malik olan geniş dünyagörüşlü maarifçi ziyalı olmuşdur.

      Məhəmməd Tağı Sidqi 1854-cü ildə Naxçıvan mahalının Ordubad şəhərində anadan olmuşdur. Məhəmməd Tağı Sidqi Ordubadda mədrəsə təhsili almış, bu təhsil ocağında islam dininin əsaslarını, ərəb və fars dillərini, Şərq ədəbiyyatını öyrənmişdir. Gənc yaşlarında İrana səyahət etmiş, TəbrizŞirazNişapur şəhərlərini gəzmiş, ordubadlı ta-cirlərin yanında kiçik ticarətlə məşğul olmuş və ailəsini dolandırmaq üçün çayxana açmışdı. Bu çayxana həmin dövrdə Ordubadda yaşayan şairlərin və açıqfikirli adam-ların görüş və fikir mübadiləsi yerinə çevrilmişdir. Məhəmməd Tağı Sidqinin oğlu, tanınmış publisist Məmmədəli Sidqi Səfərov 5 fevral 1951-ci il tarixdə yazdığı "Tərcümeyi-halım" adlı xatiratında atasının çayxanasını aşağıdakı kimi səciyyələndirmişdir: "O zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur… Çayçı dükanında SədiHafizFirdovsiNizami Gəncəvi kimi şairlərin şeirləri oxunur və təhlil olunurmuş.

      Böyük pedaqoq və görkəmli maarifçi şair Məhəmməd Tağı Sidqi 9 dekabr 1903-cü ildə indiki Kəngərli rayonunun Qarabağlar kəndində qəflətən vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur. Görkəmli maarifçi şair və pedaqoqun vəfatı ümumxalq matəmi mərasiminə çevrilmişdir.

     Məmməd Tağı Sidqi Ordubadda "Əxtər" (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə "Tərbiyə" ("Məktəbi-Tərbiyə", 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. Məhəmməd Tağı Sidqi Ordubadda fəaliyyət göstərən "Əncümənü-şüəra" ədəbi məclisinin ən fəal üzvlərindən biri olmuş, hətta bir müddət bu ədəbi məclisə rəhbərlik etmiş, "Əncümənü-şüəra" ədəbi məclisində iştirakı Məhəmməd Tağı Sidqinin şair kimi formalaşmasında və inkişafında mühim rol oynamışdır. "Tərbiyə məktəbi" Azərbaycan məktəb tarixində tədrisin ana dilində aparıl-dığı ilk milli məktəblərdən biri idi. Məhəmməd Tağı Sidqi dövrün maarifçi ziyalılarını məktəbin ətrafında birləşdirmişdir. Cəlil Məmmədquluzadə, Qurbanəlibəy Şərifzadə, Cümşüd Paşa Sultanov, Mirzə Nəsrulla Əmirov, Mirzə Cəlil Şürbi, Mirzə Ələkbər Süleymanov və başqaları burada Sidqinin elmi-ədəbi söhbətlərinə qulaq asmış, qələm əhlinin şeirlərini dinləyib müzakirə etmiş, RusiyaQafqaz və Şərq mətbuatını mütaliə etmək imkanı qazanmışlar. Məktəbdə qabaqcıl ziyalıların iştirakı və təşəbbüsü ilə teatr tamaşaları göstərilmiş, ədəbi müsabiqələr, müzakirələr və yubiley gecələri təşkil olunmuşdur. Böyük pedaqoq Məhəmməd Tağı Sidqi Azərbaycan məktəbi və pedaqoji fikri tarixində ilk dəfə olaraq rəhbərlik etdiyi məktəbin daxili nizamnaməsini və nümunəvi hesabatlarını hazırlamışdır. Sidqi tərəfindən tərtib edilmiş "Məktəbli üçün yaddaş", "Məktəbi-Tərbiyə" şagirdlərinin tapşırıqları" kimi əhəmiyyətli sənədlərdə məktə-binmüəllimin cəmiyyətdəki yeri və mövqeyi, xüsusən, yeni nəslin tərbiyələndirilməsinin əsas prinsipləri və vəzifələri öz əksini tapmışdır.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 150 illik yubileyinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqında" 11 mart 2004-cü il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Kukla Teatrına Məhəmməd Tağı Sidqinin adı verilmiş, onun adını daşıyan Naxçıvan şəhər 4 nömrəli və Ordubad şəhər 1 nömrəli orta məktəblərində xatirə güşələrinin yaradılması, seçilmiş şeirlərinin nəşr olunması və digər tədbirlər nəzərdə tutulmuşdur.

    Böyük maarifçi ədib Məhəmməd Tağı Sidqi Azərbaycan ədəbiyyatında uşaq nəsrinin ilk yaradıcılarından biridir. Məhəmməd Tağı Sidqinin kiçik hekayələrində maarifçi-didaktik ideya-məzmunla yanaşı, hadisələri aydın süjet əsasında, sadə bir dillə təqdim etmək prinsipinə ciddi əməl etmiş, nəsr yaradıcılığında yığcam süjet kiçik hekayənin ana xəttini, daxili məntiqini çatdırmağa uğurla xidmət etmişdir. O, Azərbaycan ədəbiyyatında miniatür hekayənin də yaradıcısıdır. O, cəmi bir neçə sətirdən ibarət olan miniatür hekayələrində süjet qurmağı və obraz yaratmağı bacarmış və miniatür hekayələri tərbiyəvi-didaktik rəvayətlər əsasında yazmışdır. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), "Məsnəviyyati-mənəviyyə" adlı irihəcmli mənzumədən, "Kəbb Nəsir" mənzum hekayətindən, "Heykəli-insanə bir nəzər" ədəbi-fəlsəfi traktatından (1912-ci ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. "Məktəb hekayələri" kimi tanınan bu əsərlərdə ("Məktəbə davam", "Gözütox uşağın hekayəti", "Yalançı uşaq", "Səxavətli uşaq" və s.) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ etmişdir. Onun təşəbbüsü ilə "Tərbiyə" məktəbində A. S. Puşkinin anadan olmasının 100 illik yubileyi keçirilmiş (1899), bu münasibətlə Sidqi məruzə etmişdir (1914-cü ildə kitabça halında çapdan çıxmışdır).

  Bədii yaradıcılıqla yanaşı, Məhəmməd Tağı Sidqi mətbuat dünyası ilə də bağlı olmuşdur. O, dövrünün RusiyaTürkiyəİran, hətta Hindistan və Misir mətbuatı ilə tanış olmuş, müxtəlif ölkələrdən ona göndərilmiş qəzetlərin Ordubaddakı çayxanasında və burada açdığı "Əxtər" məktəbində, Naxçıvanda müdirlik etdiyi "Məktəbi-Tərbiyə"də ziyalılarla birlikdə oxunub müzakirə olunmasını təşkil etmişdir. O, "Tərcüman" (Baxçasaray), "Əxtər" (İstanbul), "Həblülmətin" (Kəlkətə), "Kaspi" (Bakı), "Nasiri" (Təbriz) və s. qəzetlərlə yaxından əməkdaşlıq etmiş, ara-sıra məqalələr dərc etdirmişdir. Ana dilində "Çıraq" adlı qəzet çıxarmaq üçün təşəbbüs göstərmişdir.

   Həyatı və fəaliyyəti maarifçilik hərəkatı ilə möhkəm surətdə bağlı olan Məhəmməd Tağı Sidqi məktəbmüəllimtəhsiləxlaq və mənəviyyat haqqında qiymətli fikirlər söyləmiş, ustad müəllimin pedaqoji görüşləri onun "Nümuneyi-əxlaq" və "Töhfeyi-bənat, yainki Qızlara hədiyyə" dərsliklərində, "Nəsihətnamə"sində, "Məktəbi-Tərbiyə" şagirdlərinin tapşırıqları", "Məktəbli üçün yaddaş" adlı metodiki çalışmalarında öz əksini tapmışdır. 

 

 

Məmməd Səid Ordubadi

           (24 mart 1872OrdubadNaxçıvan qəzası – 1may 1950Bakı) — azərbaycanlı nasir, şairdramaturqjurnalistpublisist və tərcüməçi. Azərbaycanın Əməkdar İncəsənət xadimi (1938). "Qılınc və qələm" (1946–1948), "Dumanlı Təbriz" (1933–1948), "Gizli Bakı" (1940), "Döyüşən şəhər" (1938) kimi tarixi romanlarının müəlifidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məmməd Səid Ordubadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Şair Fəqir Ordubadinin oğludur. Fəqirin ailəsi həmişə çətinliklə dolanmışdır. Sonralar gözləri tutulmuş şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçmişdir. Atasının ölümündən sonra 7 yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlamış, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olmuşdur.

Ordubadi ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin məktəbində almışdır. Şeir və ədəbiyyat maraqlısı olan Mirzə Baxşı Ordubadinin istedadını və oxumağa böyük həvəsi olduğunu görərək ona daha artıq diqqət verir, hətta ondan təhsil haqqı da almır. Lakin əsl təhsilini Ordubadi dövrünün qabaqcıl maarifpərvərlərindən olan şair Məmməd Tağı Sidqinin açmış olduğu yeni tipli məktəbdə — üsuli-cədid məktəbində alır. Öz dövrünə görə geniş məlumat və dərin bilik sahibi olan Sidqi Ordubadinin müasir dünyəvi elmlərin əsaslarına yiyələnməsində, beynəlxalq ədəbi hadisələr, elm və mədəniyyət yenilikləri ilə tanış olmasında, onun demokratizm və maarifçilik ruhunda tərbiyə almasında mühim rol oynamışdır. Məktəbdən kənar vaxtlarını Ordubadi mədrəsəyə gedərək ərəb və fars dillərini, sərf-nəhv və məntiqi öyrənməyə sərf edirdi.

Dördsinifli şəhər məktəbini bitirdikdən sonra daha oxumağa imkanı olmayan Ordubadi biliyini şəxsi mütaliə yolu ilə artırmaqda davam etmiş, eyni zamanda fabrik və zavodlarda çalışaraq ailəsini dolandırmışdır. Əvvəllər siyasi şüuru aydın olmadığından o istismarı və onun səbəblərini hələ dərk etmirsə də, getdikcə istismarçı quruluşun bütün ağırlıqlarını öz üzərində hiss edərək etiraz səsini qaldırmağa başlayır.

Sahibkarların zülm və haqsızlıqlarını fəhlələrə başa salıb etiraz çıxışları təşkil etdiyindən Ordubadi tez-tez işdən qovulur və yeni iş yeri axtarmağa məcbur olurdu. Bu vəziyyət 1907-ci ildə Culfaya köçdüyü zamana qədər davam edir. Culfaya köçməsinə isə onun ədəbi fəaliyyəti səbəb olur. Ordubadi ədəbi yaradıcılığa 14–15 yaşlarından başlamışdır. Müəllimləri Mirzə Baxşı və Sidqi onda şeirə, yaradıcılığa olan meyil və həvəsi daha da gücləndirmişdi

1903-cü ildə "Şərqi-Rus" qəzetində Ordubadinin qəzetin nəşrə başlanmasını alqışlayan şeri çap olunur. Bu, şairin mətbuatda çıxan ilk əsəri idi. Şerinin dərc olunması onu ardıcıl olaraq dövri mətbuatda çıxış etməyə həvəsləndirir. Xüsusilə 1905-ci il inqalabından sonra mətbuat səhifələrində onun imzasına tez-tez rast gəlmək olur. İnqilabdan ruhlanan şairin yaradıcılığında yeni dövr başlayır. O, azadlığa, mütləqiyyət üsuli-idarəsi ilə mübarizəyə çağıran əsərlər yazır. Cəhalət və nadanlıq əleyhinə yazdığı "Ədəbiyyat" adlı ilk mətbu şeri Tbilisidə çıxan "Şərqi-Rus" qəzetinin 13 iyul 1903-cü il tarixli 31-ci sayında dərc olunmuşdur. 1906-cı ildə Tbilisidə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şer kitabları çap edilmişdir. 1906-cı ilin aprelindən nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı gələcək ədibin yaradıcılıq inkişafına böyük təsir göstərmişdir. Ordubadinin "Politika aləmindən" adlı felyetonu jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu sayında çap edilmiş, beləliklə, o, jurnalın əsas əməkdaşlarından biri olmuşdur. O, Bakıda çıxan "İrşad", "Səda", "Sədayi-həqq", "Tərəqqi", "Tazə həyat" və s. qəzetlərdə, "Tuti", "Babayi-Əmir" jurnallarında da yaxından iştirak edirdi. 1906-cı ildə şairin "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şeir kitabçaları çapdan çıxır. Hər iki kitabda müəllifin maarifçi fikirləri öz əksini tapmışdır.

1907-ci ildən Culfaya köçən Ordubadi bu illərdə ədəbi fəaliyyətini davam etdirməklə yanaşı, Cənubi Azərbaycanda Səttarxanın rəhbərliyi altında başlayan azadlıq hərəkatı ilə də yaxından maraqlanırdı. O, həmin illərdə "Molla Nəsrəddin" jurnalında, Bakıda nəşr olunan qəzetlərdə İran həyatına dair çoxlu felyeton, şer və digər yazılarla çıxış etmişdir. Ədib həmin illərdə "İki cocuğun Avropaya səyahəti" (1908), "Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngiməab" (1914) romanlarını çap etdirmişdir. Həmin əsərlərdə maarifçilik ideyaları təbliğ olunur. 1911-ci ildə Bakıda milyonçu Murtuza Muxtarovun maddi köməkliyi ilə Haşım bəy Vəzirovun "Səda" mətbəəsində nəşr edilən "Qanlı sənələr" adlı kitabında müəllif real faktlar və sənədlər əsasında 1905–1906-cı illərdə çar hökumətinin himayəsi və erməni daşnaksütyun partiyasının fitvası ilə törədilən milli qırğın faciəsini qələmə almışdır.

M. S. Ordubadinin "Həyatım və mühitim" əsəri təkcə ədibin həyatı və yaradıcılığı haqqında deyil, dövr haqqında geniş məlumat verən bir əsər kimi qiymətlidir və M. S. Ordubadinin geniş bilik sahibi olduğunu təsdiq edir. Topluda ikinci əsər "Qanlı sənələr"dir. 1905–06-cı illərdə Qafqazda, xüsusən Azərbaycanda ermənilərin törətdiyi qanlı hadisələri M. S. Ordubadi özünün canlı müşahidələri və 245 müxbir məktubu əsasında tarixi faktlara əsaslanaraq qələmə almışdır. "Qanlı sənələr"dən bəlli olur ki, müəllif ilk öncə Bakıda "İrşad", "Təzə həyat" qəzetlərində bu hadisələrə dair yazdığı məqalələrdə qərəzsiz məlumat vermişdir. Eyni  illərdə "Baği-şah, yaxud Tehran faciəsi" (1910), "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" (1914) pyeslərini də çap etdirmişdir. Ədəbi və inqilabi fəaliyyəti genişləndikcə hökumət dairələrinin Ordubadiyə qarşı şübhələri də artırdı. Nəhayət 1914-cü ilin yanvarında ədib həbsə alınaraq Saritsin şəhərinə sürgün edilir. Sürgün illəri ədib üçün olduqca ağır keçmişdir. Qışın ən şiddətli soyuqlarında yatabla uzaq yol getməsi, həbsxanadan-həbsxanaya aparılması, aclıq, dözülməz sürgün həyatı onun səhhətini pozmuşdu. Buna baxmayaraq, imkan tapan kimi Ordubadi vətəndəki dostları ilə əlaqə yaradaraq yazdığı yeni əsərlərini çap etdirməyə müvəffəq olurdu. 1914-cü ildə Bakıda ədibin "Bədbəxt milyonçu" və "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" əsərləri çapdan çıxır, daha sonra "Babayi-Əmir", "Tuti", "Qardaş köməyi" və s. jurnal və qəzetlərin səhifələrində şeir və felyetonları dərc olunur.

Sürgündən Ordubadi 1917-ci il fevral inqilabı nəticəsində azad olur. Tezliklə bolşevik təşkilatları ilə əlaqəyə girərək o, inqilabi fəaliyyətini davam etdirir. 1918-ci ildə Kommunist partiyası sıralarına daxil olan yazıçı Həştərxanda çalışan Azərbaycan bolşeviklərinin dəvəti ilə Həştərxana gələrək orada "Hümmət" qəzetində əməkdaşlıq edir. "Hümmət" səhifələrində Ordubadinin şeir və məqalələri, "Bolşevizm və aləmi-islam" adlı iri publisistik əsəri dərc olunur. 1920-ci ildə Ordubadi Dağıstana gəlir, orada mətbəələrin milliləşdirilməsində, poliqrafiya bazasının yaradılmasında fəal iştirak edir, "Qırmızı Dağıstan" qəzetini nəşr etdirir, sonra isə Azərbaycana gəlir.

O, 1920-ci il mayın əvvəlində Bakıya gələrək, "Əxbar" qəzeti redaktorunun müavini, bir qədər sonra isə redaktoru olmuşdur. 1925–1928-ci illərdə "Yeni yol" qəzetinin redaktoru, bir müddət "Molla Nəsrəddin" jurnalının müdiri vəzifələrində işləmişdir. 1920-ci ildən daha məhsuldar işləyən ədib şer, felyeton, publisistik məqalələr yazmış, tərcüməçiliklə məşğul olmuş, şer kitabları çap etdirmiş, "Koroğlu", "Nərgiz", "Nizami" operalarının, "Beş manatlıq gəlin", "Ürək çalanlar" musiqili komediyalarının librettosunu, "Dumanlı Təbriz" pyesini yazmış, həmçinin Nizami GəncəviFüzuliMolla Pənah VaqifMirzə Ələkbər Sabir və başqaları haqqında məqalələr dərc etdirmişdir Ordubadinin istər ədəbi yaradıcılığında, istərsə də muhərrirlik fəaliyyətində "Molla Nəsrəddin" jurnalının böyük müsbət rolu olmuşdur. 25 il öz yazıları ilə jurnalda əməkdaşlıq etmiş yazıçının ilk yaradıçılığının realizm və demokratizm istiqamətində inkişaf etməsində, dünyagörüşündəki bəzi ziddiyyətlərdən azad olmasında jurnalın köməyi çox böyük idi. 1905-ci il inqilabından sonra Ordubadinin həyatında ədəbi yaradıcılığı mühim rol oynamağa başlayır. "Əsərlərim artdıqca, xüsusən "Molla Nəsrəddin" məcmuəsindəki iştirakını sıxlaşdıqca düşmənlərim də artırdı" — deyə Ordubadi Culfaya köçməsinin səbəbini belə izah edir. Vəziyyət doğrudan da, belə idi. Dini, mövhumatı, ayrı-ayrı molla, seyid və başqa cəhalətpərəstləri tənqid etdiyindən qatı mövhumat yuvası olan o zamankı Ordubadda yaşamaq şair üçün çox çətinləşmişdi. Buna görə də o, Culfaya köçməyə məcbur olmuşdu.

Böyük Vətən müharibəsi illərində qocalığına və səhhətinin pozulmasına baxmayaraq vətənpərvər yazıçı, öz qələm yoldaşları ilə birlikdə yorulmadan çalışır, radio və mətbuatda faşizm əleyhinə əsərləri ilə çıxış edir, sovet adamlarının rəşadət, vətənpərvərlik kimi yüksək keyfiyyətlərini alqışlayan yeni-yeni əsərlər yazır. "Gənc çekistlər", "Kiçik şəhər", "Serjant İvanov adına körpələr evi" kimi roman və hekayələr, "Maral", "İntizar çəkənlər" pyesləri həmin dövrdə yazılmışdır. "XII əsr Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri" əsəri ciddi tədqiqatın məhsuludur. Bütün bunlarla bərabər, o, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi şöhrət tapmışdır. O, 20-ci illərdən əvvəl yazmağa başladığı dörd cildlik "Dumanlı Təbriz" (1933–1948) roman-epopeyası ilə Azərbaycan ədəbiyatında bu janrın əsasını qoymuşdur. Nizami Gəncəvi dövründən bəhs edən "Qılınc və qələm" (1946–1948) romanında ədib dahi şairin obrazını, o dövrün ictimai-siyasi mənzərəsini yaratmışdır. Onun "Döyüşən şəhər" (1938), "Gizli Bakı" (1940) tarixi romanları da var.

Müharibədən sonrakı illərdə Ordubadidə müasir mövzulara meyl daha çox nəzərə çarpır. Müharibə illərində sovet adamlarının ön və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlara həsr olunmuş "Təzə adam" romanı və Sumqayıt tikintisindən bəhs edən "Böyuk quruluşda" adlı dramı müharibədən sonra qələmə aldığı əsərlərdəndir.

        Əsərləri müxtəlif dillərə tərcümə edilmişdir. Azərbaycan SSR Ali Sovetinin (1–3-cü çağırış) deputatı seçilmiş, Lenin ordeni və "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. Azərbaycanda bir sıra küçəyə, mədəni-maarif müəssisəsinə Ordubadinin adı verilmiş, Ordubadda və Bakıda ev-muzeyi yaradılmış, Naxçıvanda büstü qoyulmuşdur.

     M. S. Ordubadi uzun sürən xəstəlikdən sonra 1 may 1950-ci ildə Bakıda vəfat etmişdir. 

 

 

 

Yusif Məmmədəliyev

 

   Yusif Məmmədəliyev 31 dekabr 1905-ci ildə Naxçıvan qəzasının Ordubad şəhərində anadan olmuşdur.

   Yusif Məmmədəliyev 1926-cı ildə Vladimir İliç Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən bir müddət sonra, 1928–1929-cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda müəllim işləmişdir. O, İrəvan azərbaycanlılarının ictimai həyatında da fəal iştirak etmişdir. Y. Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir.

   1942-ci ildə kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusu) və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olmuşdur. Tam əsasla demək olar ki, Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı quranlardan biri olmuşdur. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. M. Mirqasımov, M. Topçubaşov, Səməd Vurğun, Şirokoqorov, Yesman, Mikayıl Hüseynovla bərabər, o, akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1954-cü illərdə Azerbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954–1958 illərdə S. M. Kirov adına ADU-nun rektoru olmuşdur.

   1962-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının "Neft-Kimya Prosesləri İnstitutu" akademik Y.H. Məmmədəliyevin adını daşıyır.

Yusif Məmmədəliyevin əsas elmi işləri, neftin və neft qazlarının katalitik emalı sahəsindədir. Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.

   Aromatik, parafin və tsikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik alkilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir.

   Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüşdür. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur.

Dünya şöhrətli azərbaycanlı alim Yusif Məmmədəliyev müharibənin o ağır dövründə yüksək oktanlı benzin ixtira etmişdi.

   Yusif Heydər oğlu Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.

   Y. H. Məmmədəliyev keçmiş SSRİ, ABŞ, İtaliya (1955, Roma), Fransa (1960, Paris), İngiltərə, Polşa Xalq Respublikası (1957–58, Varşava), Macarıstan Xalq Respublikası (MXR) və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir.

   Akademik Y. Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da İkinci Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir.

   Faşist ordularına qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin çox böyük əhəmiyyəti oldu. Onun tərkibi Y. Məmmədəliyev tərəfindən toluolun — partlayıcı maddələr üçün xammalın — əldə edilməsi əsasında işlənib-hazırlandı. Lakin o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici "kokteylin" müəllifi Yusuf Məmmədəliyevdir. Deyilənə görə, Azərb. KP MK I katibi M. C. Bağırov, nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşmış, mayedən bir qədər buxarıya sıçratmışdı. Hündür alov qalxmış, buxarının odadavamlı kərpici ərimiş, metal borular dağılmışdı.

   Azərbaycanda Elmlər Akademiyası 1945-ci ilin yazında yaradılmışdı və istedadlı kimyaçı, alim, yenilikçi, Lenin ordenli, toluolun və yüksək oktanlı yanacağın sənaye istehsalının təşkilatçısı Y. H. Məmmədəliyev onun həqiqi üzvlərinin birincitərkibinə haqlı olaraq daxil edildi. Onun hələ 40 yaşı olmamışdı.

   Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y. Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Yusif Məmmədəliyev Lenin ordeni (1944), "Qırmızı əmək bayrağı" ordeni (1954) və "Şərəf nişanı" ordeni (1951), həmçinin medallarla təltif edilmişdir.

   Faşist Almaniyası üzərində SSRİ-nin qələbəsini təmin edən amillər haqqında müharibədən sonrakı illərdə belə danışırdılar: müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udmaq mümkün oldu. Akademikin dünya elminə daha bir misilsiz töhfəsi strateji raketlər üçün 1950-ci ildə yaratdığı duru yanacaq idi. Yerin ilk peyki, Qaqarinin uçuşu — bütün bunlar Baki nefti, Azərbaycanın neft kimyası məktəbinin yaradıcıları olan Y. H. Məmmədəliyevin elmdə qəhrəmanlığı və onun həmfikirlərinin fədakar əməyi sayəsində baş tutdu.

 

   Yusif Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakıda vəfat etmişdir. 

 

 

 

Hatəmbəy Ordubadi

   Dövlət xadimi, mədəniyyət himayəçisi

   Hatəmbəy Məlik Bəhrambəy oğlu Ordubadi (Ordubad şəhərində-25.05.1610, Məşhəd) - dövlət xadimi, mədəniyyət himayəçisi.

   Nəsirəddin Tusinin nəslindəndir. Atasının ölümündən sonra onun yerinə Ordubadın kələntəri vəzifəsinə təyin olunmuş, sonralar Xoy, Yəzd və Şiraz hakimlərinin yanında xidmət etmişdir. I Şah Abbasın [1587-1629] hakimiyyətinin ilk illərində Səfəvilər sarayında maliyyə işlərinə nəzarət etmiş, 1592-ci ildə vəzir (etimadüd-dövlə) təyin olunmuş, Səfəvilər dövlətinin siyasi və iqtisadi həyatında mühim rol oynamışdır.

   I Şah Abbas 1606-cı ildə Ordubada ziyarətindən sonra şəhəri soyurqal olaraq Hatəmbəy Ordubadiyə bağışlamışdı.

   O, şəhərdə geniş abadlıq işləri aparmış, ictimai binalar tikdirmişdir. Elm və mədəniyyət xadimlərinə himayəçilik etmişdir.

   Hatəmbəy Ordubadi bədii yaradıcılıqla da məşğul olmuş "Safı" təxəllüsü ilə türk (Azərbaycan) və fars dillərində şeirlər yazmışdır. Qəflətən vəfat etmiş Hatəmbəy Ordubadinin cənazəsi Təbrizə, sonra isə Məşhədə aparılmış, İmam Rza məqbərəsinin aşağı hissəsində dəfn olunmuşdur.  

 

 

Nəsirəddin Tusi

   Dahi Azərbaycan alimi, böyük ensiklopediyaçı mütəfəkkir, filosof, ictimai-siyasi xadim

   Nəsirəddin Tusi Məhəmməd ibn Məhəmməd ibn Həsən (17.2.1201, Tus - 25.6.1274, Bağdad) - dahi Azərbaycan alimi. Böyük ensiklopediyaçı mütəfəkkir, fılosof, ictimai-siyasi xadim. İlk təhsilini atasından və dayısından almış, sonra Xorasanda humanitar və dəqiq elmlərin müxtəlif sahələrini dərindən öyrənmişdir. Nəsirəddin Tusi 1259-cu ildə Marağa rəsədxanasını təşkil etmişdir. Bu, onun dünya elmi və mədəniyyəti tarixində ən mühim xidmətlərindən biridir. O, müxtəlif xalqların 100-dən çox nümayəndəsini buraya toplamış, onların işləməsi üçün lazımi şərait yaratmışdır. Rəsədxana nəzdində fəaliyyət göstərən mədrəsədə о dövrün bütün bilik sahələri, elmi, dini, fəlsəfı və ictimai-siyasi təlimləri öyrənilirdi. Mədrəsənin 400 mindən çox kitabı olan zəngin kitabxanası var idi. Nəsirəddin Tusi Bağdadda səfərdə olarkən vəfat etmiş, öz vəsiyyətinə görə onun yaxınlığındakı müqəddəs Kazımeyn şəhərində dəfn edilmişdir. Nəsirəddin Tusinin Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd adlı üç oğlu da elm yolunu tutmuş, eyni zamanda dövlət işlərində çalışmışlar. Nəsirəddin Tusi nəslindən olanlar sonralar Naxçivan ərazisində yaşamış, elm, ədəbiyyat və incəsənət sahəsində tanınmışlar. Nəsirəddin Tusi nəslinin Ordubad mahalında yaşaması və buna görə I Şah Abbasın [1587-1629] oranı bütün vergilərdən azad etməsi haqqında fərmanı XVII əsrdə Ordubadda tikilmiş böyük Cümə məscidinin qapısı üstündəki daş kitabədə həkk olunmuşdur. Nəsirəddin Tusinin ilahiyyat, fəlsəfə, siyasət və etikaya dair əsərlərində onun dünyagörüşü geniş əks olunmuşdur. Nəsirəddin Tusi öz əsərlərində insanın iradə azadlığına mühim yer verirdi. Nəsirəddin Tusi İbn Sina və Bəhmənyar məktəbinin görkəmli davamçısı olub, onların ideyalarını inkişaf etdirmişdir. Nəsirəddin Tusinin etik və ictimai- siyasi görüşləri, əsas etibarilə 1235-ci ildə yazılmış «Əxlaqi-Nasiri» əsərində əksini tapmışdır. Bu əsərdə xasiyyətlərin müxtəlif aspektləri, fəzilətli və qəbahətli cəhətləri araşdırılır, insanı kamilləşdirən keyfıyyətlər, xeyir və səadətə aparan məziyyətlər göstərilir. Nəsirəddin Tusi fıqhə (müsəlman hüququ) dair əsərlərində humanist mövqe tutmuş, insanların əmin-amanlığı qayğısına qalmağı ümdə prinsip saymışdır. Nəsirəddin Tusi poeziya nəzəriyyəsinə, musiqiyə dair traktatların və fəlsəfı şeirlərin də müəllifıdir. Nəsirəddin Tusinin riyaziyyat, astronomiya və fızika sahələrində misilsiz xidmətləri vardır. «Zic-Elxani» əsərində planetlərin geosentrik orbitinin əsas elementləri verilmiş, onların sutkalıq orta hərəkəti öz dövrünə və hətta XVII əsr astronomiya müşahidələrinə nisbətən daha dəqiq təyin edilmişdir. Nəsirəddin Tusinin rəhbərliyi ilə Yerin fırlanma oxunun illik presessiyasının qiyməti (5124) tapılmışdır (müasir qiyməti 5122). «Zic-Elxani» əsərində çoxlu riyazi, astronomik və coğrafı cədvəllər də verilir. Ən mühimləri sinus və tangensin 60-lıq say sistemində üçrəqəmli triqonometriya cədvəlləri və XIII əsrdə məşhur olan 256 şəhərin coğrafı koordinatlar cədvəlidir. X.Kolumbun müəllimi P.Toskanelli bu cədvəldən istifadə etmişdir. Cədvəl Londonda [1652-ci il] və Oksfordda [1711-ci il] ərəb və latın dillərində çap edilmişdir. Marağa rəsədxanasında fəaliyyət göstərən azərbaycanlı mühəndis Kəriməddin Səlmasi alman alimi Martin Böhaymdan (1459-1507) 2 əsr əvvəl [1266-cı ildə] coğrafı qlobusu hazırlamışdır. Nəsirəddin Tusinin «Təhriri-Öqlidis» («Evklidin şərhi») əsəri həndəsənin inkişafına təkan vermiş, Romada ərəb [1594-cü il] və latın [XVII əsr] dillərində nəşr olunmuş, fransız riyaziyyatçısı A.Lecandrın, ingilis riyaziyyatçısı J.Vallisin və italyan alimi J.Sakkerinin yaradıcılığına böyük təsir göstərmişdir. Nəsirəddin Tusi bu əsərdə və «Həndəsənin əsasları»nda Evklidin 5-ci postulatı haqqında öz nəzəriyyəsini vermiş, üçbucağın daxili bucaqlarının cəmi arasında əlaqəni tapmışdır. Arximedin «Kürə və silindr» və «Dairənin kvadratlanması» əsərlərindəki nisbətlər nəzəriyyəsini Nəsirəddin Tusi inkişaf etdirmişdir. Nəsirəddin Tusinin verdiyi ədəd anlayışı müasir təsəvvürə uyğun gəlir və o, bu sahədə Avropa riyaziyyatçılarını 400 il qabaqlamışdı. O, Menelay teoreminin, müasir triqonometriyanın əsas teorem və düsturlarını vermiş, sferik üçbucağın üç bucağına görə tərəfləri təyin etmiş, diskret və kəsilməz kəmiyyətlər anlayışına dialektik tərif vermişdir. Nəsirəddin Tusi hesaba aid əsərində tam ədəddən ixtiyari dərəcədən kökalma əməlini kökünün nümunəsi kimi izah etmiş (riyaziyyat tarixində ilk dəfə), ədəd üçbucağını əmələ gətirən binomial əmsalları və onlar arasındakı qanunauyğunluqları göstərmiş, Nyuton binomunu sözlə ifadə etmişdir. Nəsirəddin Tusi fızikaya sözün ən geniş mənasında bütün təbiətşünaslıq məsələlərini aid etmişdir. Burada bəsit və mürəkkəb cisimlər, yerdə və göydə əmələ gələn hadisələrin, məsələn, göy gurultusu, ildırım, şimşək, yağış, qar, zəlzələ və buna oxşar hadisələrin səbəbləri, mürəkkəb maddələr, onların tərkiblərinin xüsusiyyətləri (mineralogiya), bitkilər, onların növləri, nəfs və qüvvələri (botanika), ixtiyari və iradi hərəkət edən cisimlər, onların hərəkət xüsusiyyətləri, nəfs və qüvvələri (zoologiya), insanın düşüncəli nəfsinin xüsusiyyətləri (psixologiya) öyrənilir. Nəsirəddin Tusi təbabət, əkinçilik elmi və s.-ni fızikanın əlavə bölmələri hesab etmişdir. Nəsirəddin Tusinin və Marağa rəsədxanası alimlərinin kəşf və ixtiraları bəşər elmi fıkrini zənginləşdirmişdir. Mənbələrdə Nəsirəddin Tusiyə fövqəladə qabiliyyətinə, dərin zəkasına və misilsiz xidmətlərinə görə «on birinci əql» («əl-əql əl-hadi-əşər» - Şərq peripatetizmi on əql növünün mövcudluğunu qəbul edirdi) və «bəşər ustadı» («ustad əl-bəşər») deyilmişdir.                                       

   1981-ci ildə böyük alimin anadan olmasının 780 illik yubileyi geniş qeyd olunmuş, şərəfınə medal təsis edilmiş, abidələri ucaldılmış, portreti (xalq rəssamı Nəcəfqulu İsmayılov) yaradılmışdır. Azərbaycan Respublikasının bir sıra elm, təhsil və mədəni-maarif müəssisəsinə, о cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasına, küçələrə Nəsirəddin Tusinin adı verilmişdir.

   YUNESKO-nun qərarı ilə anadan olmasının 800 illik yubileyi dünya miqyasında qeyd edilmişdir. Bu münasibətlə Azərbaycan Respublikası Prezidentinin «Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında» 13 iyun 2000-ci il tarixli Fərmanı ilə yubiley komissiyası yaradılmış və yubileyi keçirilmişdir.  

 

 

Məmmədəli Sidqi Səfərov

   Müəllim, yazıçı, jurnalist

   Məmmədəli Məhəmməd Tağı oğlu Səfərov; 1888, Ordubad, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1956, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — müəllim, yazıçı, jurnalist / "İrşad" qəzetinin əməkdaşı (1906–1908), "Molla Nəsrəddin"in müvəqqəti redaktoru (1910–1911) olmuşdur.

   Məmmədəli Sidqi Səfərov 1888-ci ildə Ordubad şəhərində məşhur maarifçi ədib Məhəmməd Tağı Sidqinin ailəsində dünyaya göz açmışdır. Ailə çoxuşaqlı olmuşdur. Ordubadda qısa müddətdə müəllim kimi şöhrətlənən Məhəmməd Tağı Sidqi 1894-cü ildə Naxçıvan şəhərinə dəvət olunmuş, maarifçilik fəaliyyətini burada davam etmişdir. Məmmədəli Sidqinin qeydlərindən öyrənirik ki, atası əvvəlcə Naxçıvana tək gəlmiş, bir il sonra, yəni 1895-ci ildə onu da yanına gətirərək "Məktəbi-tərbiyə"də təhsil almağa qoymuşdur. Ailə isə 1896-cı ildə Naxçıvana köçmüşdür. 1894–1900-cü illərdə "Məktəbi-tərbiyə"də ilk təhsilini almış, sonra isə Naxçıvan şəhər rus-müsəlman məktəbində oxumuşdur. Tərcümeyi-halında yazır: "Mən o zaman 6 sinifli şəhər məktəbində rus dilində oxuyurdum. O zaman mənim 16 yaşım hələ tamam olmamışdı. Atamın vəfatından sonra mən hələ iki il o məktəbdə oxumalı idim. Naxçıvan camaatı və atamın yaxın dostları ailəmizin başsız qaldığını nəzərə alaraq, öz aralarında pul topladılar və atamın yaxın dostlarından Şahbaz ağa Kəngərlinskiyə tapşırdılar ki, mən məktəbi bitirib işləyənə qədər ailəyə dayaq olsun". Sonra Məmmədəli Sidqi təhsilini tamama yetirmiş, imtahan verərək müəllimlik hüququ qazanmış və 1906-cı ildən etibarən Naxçıvan şəhərində, Şahtaxtı, Qıvraq və Qahab kəndlərində müəllimlik etmiş, qısa müddətdə bacarıqlı pedaqoq kimi tanınmışdır.1906–1907-ci illərdə Naxçıvan şəhərində müəllim işlədiyi zamanlarda azadlıq hərəkatında iştirak etmiş, bəzi həmfikirləri ilə birlikdə gizli yolla siyasi məzmunlu intibahmnamələr hazırlayıb yaymışlar. 1907-ci ilin əvvələrində evində polislər tərəfindən mühasirəyə alınaraq axtarış edilmiş və heç bir şey tapılmadığına görə toxunan olmamışdır. Lakin yoldaşları Boqoslavski, onun bir nəfər gürcü yoldaşı və iki nəfər naxçıvanlı (Heydər Məmmədov və Nəcəfqulu Nəcəfov) həbsə alınıb sürgün edildilər. Məmmədəli Sidqini isə Naxçıvan məktəbindən çıxarıb kənd məktəblərinə müəllimliyə göndərdilər. Çarizmin yerli məmurları azadfikirli bir gənc pedaqoq və qələm əhli kimi Məmmədəlidən şübhələnir və onu gözdən qoymurdular. Bir qədər sonra o, evinin axtarılmasını əldə bəhanə edilərək 1910-cu il iyun ayının 1-dən vəzifəsindən kənar edildi. Beləliklə Məmmədəli Sidqi çox sevdiyi müəllimlik peşəsindən uzaqlaşdırılır. 1911-ci ildə bir müddət Aşqabadda müəllimlik edir. Sonra Vətənə dönərək Bakıda və Bülbülə kəndində müəllimlik edir, eyni zamanda, mətbuat, teatr sahəsində çalışır, səmərəli fəaliyyət göstərirdi. "Nicat" mədəni-maarif cəmiyyətinin üzvü olmuşdur. Məmmədəli Sidqi 1916–1917-ci illərdə Bakıda "Sovqat", 1918-ci ildə "Açıq söz" kimi mətbuat orqanlarında mütərcimlik etmiş, Bakı aktyorlar ittifaqında katib və suflyor işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Məmmədəli Sidqi ölkənin teatr həyatında fəallıq göstərmişdir. Bunlarla yanaşı 1919-cu ilin sentyabrından "Azərbaycan" qəzetinin redaksiyasında mütərcim, Azərbaycan Cümhuriyyəti Parlamentində katib vəzifəsində çalışmışdır. 1918–1919-cu illərdə şair Səməd Mənsurla həftəlik satirik "Şeypur" jurnalını nəşr etdirmiş, jurnalının redaktoru olmuşdur. Sovet dövründə Məmmədəli Sidqi Azərbaycan Dövlət Teatr Truppasında inzibatçı, suflyor, "Kommunist" qəzeti redaksiyasında mütərcim kimi fəaliyyət göstərmiş, Azərbaycan zəhmətkeş və ədib şairlət ittifaqının katibi olmuşdur. Onun 1923-cü ildə "Kommunist" qəzeti redaksiyasında xronika şöbəsinin müdiri işləməsi də bəllidir. Həmin illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məlumat şöbəsinin müdiri kimi də fəaliyyət göstərmişdir. Həmçinin bir müddət "Sosialist Sumqayıtı" qəzetinin redaksiyasında da məsul işdə çalışmışdır. Görkəmli ziyalı Məmmədəli Sidqi Səfərov 1956-cı ildə vəfat etmişdir. "Ədəbiyyat və incəsənət" qəzetinin 1 aprel 1956-cı il tarixli sayında başsağlığı dərc edilmişdir. 

 

 

İbrahim Əbilov

   Diplomat, ictimai xadim

   İbrahim Əbilov 1881-ci ildə Ordubadda anadan olmuşdur.

   Məhəmməd Tağı Sidqinin Ordubaddakı "Əxtər" məktəbində oxumuş, atasının vəfatından sonra ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoymuşdur. 1903-cü ildən Petrovsk-Portda (indiki Mahaçqala) və Bakıda fəhləlik etmiş, inqilabi hərəkata qoşulmuş, ilk Azərbaycan sosial-demokrat təşkilatı "Hümmət"in (menşevik) üzvü kimi fəaliyyət göstərmişdir. 1907-ci ildə Bakı Xəzər Ticarət donanması dənizçilərinin tətilinin təşkilatçılarından olub. 1908-ci ildə Güney Qafqazda və Güney Azərbaycanda iranlı zəhmətkeşlər arasında inqilabi iş aparan "İctimaiyyun-Amiyyun" (azərb. "Mücahid"‎) sosial-demokrat təşkilatının sədri Nəriman Nərimanovun tapşırığı ilə İrana göndərilmişdir. 1909-cu ildə Bakıya qayıdan Əbilov 1912-ci ildə dərc olunan "Bakı həyatı" qəzetində redaktor vəzifəsində işləmişdir. Çar hökuməti tərəfindən dəfələrlə həbs edilən İbrahim Əbilov Tiflisdə menşevik "Hümmət" təşkilatının görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərmişdir. 1918-ci ilin axırlarında Bakıya gələn Əbilov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə deputat seçilmiş və onun sosialist fraksiyasına başçılıq etmişdir. 1920-ci ildə Bakı menşeviklərinin orqanı olan "İskra" qəzetinin redaktoru idi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR daxili işlər nazirinin müavini təyin olunmuş, Şərq xalqlarının Bakıda çağırılan birinci qurultayında Şərq Xalqları Təbliğat və Təşviqat Şurasının katibi seçilmişdir. 1921-ci ilin iyununda Azərbaycan nümayəndə heyətinin tərkibində Kommunist İnternasionalının üçüncü konqresində iştirak etmişdir. 1921-ci ildə Nəriman Nərimanovun tövsiyəsi ilə Azərbaycan SSR-in, sonra isə ZSFSR-in Türkiyədə fövqəladə və səlahiyyətli səfiri olmuş, Sovet-Türkiyə, o cümlədən Azərbaycan-Türkiyə dostluq münasibətlərinin təşəkkül tapmasında və möhkəmləndirilməsində böyük rol oynamışdır. Onun təşəbbüsü ilə Türkiyənin Trabzon və Samsun şəhərlərində Azərbaycanın konsulluqları açılmışdır. İbrahim Əbilovun səmərəli diplomatik fəaliyyəti və bilavasitə iştirakı sayəsində sovet respublikaları ilə Türkiyə arasında bir sıra ikitərəfli və çoxtərəfli müqavilələr imzalanmışdır. Naxçıvan muxtariyyətinin təməlini qoymuş 1921-ci il Moskva və Qars müqavilələrini digər naxçıvanlı diplomat, Sovet-Türkiyə danışıqlarında Azərbaycan nümayəndə heyətinin başçısı Behbud ağa Şahtaxtinski ilə birlikdə Əbilov da imzalamışdır.

   Türkiyə Respublikasının banisi və ilk prezidenti olan Mustafa Kamal Atatürk ilə Əbilov arasında dostluq münasibətləri var idi. Əbilov Azərbaycan hökuməti adından dostluq və qardaşlıq rəmzi olaraq Atatürkə qızıl xəncər hədiyə vermiş, Atatürk Ankarada Azərbaycan səfirliyinin binası üzərində ölkəmizin bayrağının qaldırılması mərasimində iştirak etmişdir.

   İbrahim Əbilov 1923-cü ildə fevralın 23-də Türkiyənin İzmir şəhərində vəfat etmiş, Bakıda dəfn edilmişdir. 

 

 

Kazım Ziya

   Aktyor

   Kazım Ziya 21 mart 1896-cı ildə Azərbaycanın Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. Yeniyetmə yaşlarından ərəb və fars dillərini mükəmməl öyrənib. Sonralar rus və fransız dillərini də mənimsəyib. 1911-ci ildə əmisi Hüseynin ailəsi ilə Bakıya köçüb. O, 1912-ci ilin payızında burada "İttihad" İran gimnaziyasına daxil olub. Bir il sonra məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla teatr fədailəri "İttihad" məktəbində şagirdlərin nəfinə (xeyrinə) Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsinin tamaşasını göstəriblər. Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləşib. Həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxışlar edib. Kazım Ziya Milli Dram Teatrının tamaşalarında fəal iştirak etsə də, truppanın ştatına 1922-ci ildə götürülüb. Arada bir il Naxçıvana gedib. Orada dövlət teatrının formalaşmasında ciddi çalışan Kazım Ziya 1925-ci ildə yenidən Bakıya qayıdaraq Bakı Türk İşçi və Kəndli Teatrının truppasına daxil olub. Bakı Türk İşçi Teatrı 1933-cü ildə Gəncəyə köçəndə Kazım Ziya da doğma kollektivdən ayrılmayıb. 1936-cı ildən 1938-ci ilədək Tiflisdə və İrəvandakı dövlət teatrlarında aktyorluq edib. 1938-ci ildə Bakıya gələrək Milli Dram Teatrının formalaşıb şöhrətlənmiş truppasına daxil olub. Kazım Ziyanın Milli Dram Teatrında yaratdığı əsas rollar bunlardır: Arif, Dərviş ("İblis" və "Şeyx Sənan", Hüseyn Cavid), Vaqif Söhbət ("Vaqif" və "Xanlar", Səməd Vurğun), Surxay, Usta Segah ("Toy" və "Xoşbəxtlər", Sabit Rəhman), Piri baba ("Eşq və intiqam", Süleyman Sani Axundov), Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), İmamyar, Xaspolad ("Yaşar" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Mirzə Həbib, Xan ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Dmitri Petroviç ("İki qardaş", Mixail Lermontov), General Tomson ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Sərdar Eldarov ("Son gülən", Kondrat Krapiva), Baturin ("O tayda", Anatoli Boryanov), Kastenov ("Bir evin sirri", Tur qardaşları). "Bismillah", "Səbuhi" filmlərinə çəkilən Kazım Ziya Lev Tolstoyun "Canlı meyit", Henri İbsenin "Cəmiyyət sütunları", Vadim Sobkonun "İkinci cəbhə arxasında", Aleksandr Dümanın "Qanlı qala" ("Nel qülləsinin sirri") pyeslərini və digər dramları dilimizə tərcümə edib. Kazım Ziya 17 iyun 1943-cü ildə əməkdar artist olmadan birbaşa "Azərbaycan SSR xalq artisti" fəxri adına layiq görülüb. O, 1948-ci ildə "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasının bir qrup yaradıcı heyəti ilə birgə Tomson roluna görə "Stalin" mükafatı laureatı olub. Faciə, məhəbbət qəhrəmanlarını, "partlayan" gülüşlü komediya obrazlarını, birrəngli rəsm edilmiş tipik xeyirxah insan obrazlarını oynamış Kazım Ziya mürəkkəb səciyyəli xarakterik rollarda əsil sənət qələbələri qazanıb. Səhnədə müəyyən mürəkkəb vəziyyətlərdə təqdim olunan obrazların pyesdə göstərilməyən "məişət tərzinin", keçdiyi həyat mərhələlərinin nəzəri-estetik, fəlsəfi-psixoloji fəaliyyət xəttini, dramatik ideya yükünü müəyyənləşdirməyə cəhd göstərən və surətin indisini həmın prizmadan işıqlandırmağa çalışan aktyor idi. İfa etdiyi fransız, ingilis, türk, rus… obrazların ictimai-sosial mənşəyinə əsaslanaraq rolun bədii məntiqinə uyğun əda, davranış tərzi, geyim-qrim görkəmi, mimika ifadə vasitələri tapırdı. Kazım Ziya 20 noyabr 1956-cı ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. 

 

 

Əvəz Sadıq

   Jurnalist, nasir, redaktor, tərcüməçi

   Əvəz Sadıq 1898-ci ildə Azərbaycanda Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur.

   7 yaşında mədrəsədə, sonra Ordubad ali-ibtidai məktəbində təhsil almışdır. 1920-ci ildə yeni təşkil olunmuş məktəblərdə müəllimlik fəaliyyətinə başlamışdır. Birinci dərəcəli Ordubad məktəbində bir il işlədikdən sonra ordu sıralarına çağırılmış, 1921-1923-cü illərdə orada hərbi məktəbdə müəllimlik edib. Ordudan qayıtdıqdan sonra Ordubad qəza komsomol komitəsinə katib seçilmiş, Bakıda I Qafqaz komsomol qurultayında nümayəndə kimi iştirak etmişdir. 1924-1925-ci illərdə maarif işçiləri həmkarlar ittifaqının rayon komitəsinin sədri, şəhər teatrı klubunda müdir işləmişdir. Naxçıvan partiya-sovet məktəbində müəllimlik edən jurnalist eyni zamanda 1917-1931-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsilini artırmışdı.

   Ədəbi fəaliyyətə 1920-ci illərdən başlayan Əvəz Sadıq öz məqalə və xəbərlərini "Kommunist", "Yeni fikir", "Şərq qapısı" və digər qəzetlərdə çap etdirirdi. 1925-1927-ci ildə "Şərq qapısı" qəzetinin redaktoru, 1927-1933-ci ilədək "İnqilab və mədəniyyət"(indiki "Azərbaycan") jurnalında məsul katib, "Kommunist" qəzeti, "Şərq qadını" jurnalı rekdasiyasında, 1934-38-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyatın tərcüməçisi və redaktoru kimi çalışıb. 1952-1956-ci illərdə "Molla Nəsrəddin"in xələfi "Kirpi" jurnalının redaktoru olmuşdur. İlk yazıları "Kommunist", "Yeni fikir", "Şərq qapısı" və s. qəzetlərdə dərc olunmuşdur. "Xatirələr" (1933), "Yeni gün" (1938), "Bizim adamlar" (1951), "Sabahı yaradanlar" (1953) adlı oçerk və hekayə kitablarının, "Mingəçevir" (1951) romanının müəllifidir. 1955-ci ildə "Nadürüstov və başqaları" toplusu adlı satirik əsərini yazmışdır. Tədqiqatlarda C. Məmmədquluzadənin "Ölülər", "Usta Zeynal", "Anamın kitabı" əsərlərinin Təbriz teatr səhnəsində oynadığı mühim rol yüksək qiymətləndirilir. İkinci Dünya Müharibəsi başlayandan sonra 1944-cü ilədək Zaqafqaziya cəbhəsi siyasi idarəsində Tiflisdə təlimatçı-ədəbiyyatçı, 1994-cü ilədək isə "Vətən yolunda" cəbhə qəzetinin xüsusi müxbiri olub. Eyni zamanda Təbrizdə olarkən teatra rəhbərlik etmişdir. Ordudan tərxis olunduqdan sonra Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri, eyni zamanda 1946-1951-ci illər (indiki "Azərbaycan") jurnalında məsul katib olub. 1951-52-ci illər Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi olmuş Əvəz Sadıq həmçinin fəal yaradıcılıqla məşğul olmuş, özü bədii əsərlər yazmaqla yanaşı, L.N.Tolstoy, M.Y.Lermontov, Lope de Veqa, Esxil, Sofokl və digər sənətkarların əsərlərini tərcümə etmişdir. Xidmətlərinə görə bir çox medallara layiq görülmüşdü.  

   1956-cı ildə avqustun 27-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. 

 

 

Hüseyn Məmmədov

 

   Hüseyn Məmmədov (15 may 1900DırnısOrdubad rayonu – 24 noyabr 1970Bakı) — dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948).

   Hüseyn Məmmədov gəncliyində Bakı neft mədənlərində fəhləlik etmişdir. Bakıda hərbi siyasi məktəbi bitirdikdən sonra 1925-ci ilədək orduda siyasi rəhbər işləmişdir. Hüseyn Məmmədov 1920-ci ildə Kommunist Partiyasına üzv olmuş, 1930-cu ildən Qonaqkənd rayonu, 1934–1936-cı illərdə isə Masallı və Kürdəmir rayon MTS-lərində çalışmışdır. 1936–1938-ci illərdə Kürdəmir, sonra isə Qaryagin rayonu partiya komitəsinin katibi olmuşdur. 1938–1943-cü illərdə Azərbaycan SSR Xalq toxuculuq komissarının müavini olmuşdur. 1943–1951-ci illərdə Ağsu Rayon Partiya Komitəsinin katibi olmuşdur. 1951–1953-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 2-ci katibi, 1952–1963-cü illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur.

   Hüseyn Məmmədov 1947-ci ildə Ağsu rayonu üzrə planların yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (1–6-cı çağırış) deputatı olmuş, dəfələrlə Azərbaycan KP MK üzvü seçilmişdir. 3 dəfə ""Lenin" ordeni", "Qırmızı Əmək Bayrağı", "Qırmızı Ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. Dırnıs kənd məktəbi Hüseyn Məmmədovun adınadır. 

 

 

Şirəli Məmmədov

   Akademik

   Şirəli Nəsirzadə Məmmədov (25 dekabr 1904DəstəOrdubad rayonu – 18 fevral 1984Bakı) — texnika elmləri doktoru (1948), professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1968).

   Texnika üzrə elmlər doktoru (1948), professor (1948), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1968; müxbir üzvü, 1959). Moskva Dağ-Mədən Akademiyasını bitirmişdir (1930). Maqnitoqorsk mədənlər idarəsinin əsaslı tikinti şöbəsinə rəhbərlik etmiş (1932-33), Culfa "Soyuzmərgümüş" kombinatının rəisi vəzifəsində çalışmışdır (1934-36). 1938-39 illərdə Moskva Dağ-Mədən İnstitutunda dosent və filiz yataqlarının işlənilməsi kafedrasının müdiri işləmişdir. Böyük Vətən müharibəsi (1941-45) illərində Naxçıvan duz mədəninin baş mühəndisi və direktoru, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin ikinci katibi (1944-45) olmuş, 1950-53-ci illərdə Daşkəsən dağ-mədən kompleksinin tikintisinə rəhbərlik etmişdir. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geofizika kafedrasının müdiri, elmi işlər üzrə prorektoru (1948-50; 1953-59), Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri (1959-61) işləmiş, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda mədən işləri bölməsinə rəhbərlik etmişdir (1958-ci ildən ömrünün sonunadək). Elmi tədqiqatları filiz yataqlarının yeraltı və açıq üsullarla işlənilməsi sistemlərinin və texnologiyasının təkmilləşdirilməsi məsələlərinin həllinə həsr edilmişdir. 169 elmi əsərin, o cümlədən 13 monoqrafiyanın, 5 dərslik və dərs vəsaitinin müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti vardır.

   Azərbaycan SSR Ali Sovetinin (3-cü çağırış) deputatı olmuşdur.

   "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif edilmişdir.  

 

 

Müzəffər Abutalıbov

   Alim

   Müzəffər Heydər oğlu Abutalıbov (14.12.1908, Ordubad şəhəri - 08.11.1984, Bakı) - bitki fiziologiyası sahəsində ilk Azərbaycan elmlər doktoru (1944), professor (1950), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1968; müxbir üzvü 1960). Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsini bitirmişdir (1930). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyası) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) dosenti, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun baş elmi işçisi, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı Botanika İnstitutunun şöbə müdiri və direktor müavini (1935-47), Azərbaycan Dövlət Universiteti bitki fiziologiyası kafedrasının müdiri (1949-59),Azərbaycan Milli EA-nın Genetika və Seleksiya İnstitutunun (1960-62), Botanika İnstitutunun (1947-49; 1962-78) direktoru vəzifələrində çalışmış, 1978-1984-cü illərdə Botanika İnstitutunda özünün yaratdığı bitki fiziologiyası şöbəsinə rəhbərlik etmişdir.
Tədqiqatları, əsasən, pambıq, kartof və digər kənd təsərrüfat bitkilərinin məhsuldarlığının artırılmasına, onların mikroelementlərlə qidalandırılmasının nəzəri və əməli problemlərinin öyrənilməsinə, o cümlədən mikroelementlərin azotobakterinin inkişafına və torpağın azot-mənimsəyən mikroorqanizmlərinin fəaliyyətinə təsirinə, mineral maddələrin bitkilərə daxil olmasına, orqanizmdə hərəkətinə və hüceyrələrdə paylanmasına və s. həsr olunmuşdur. Bir neçə monoqrafiya və ali məktəb dərsliyinin, 220-dən çox elmi məqalənin müəllifidir. Elmi məclislərdə, o cümlədən beynəlxalq biokimya (1961), botanika (1969), biofizika (1973) konqreslərində məruzələr etmişdir. Bir sıra elmi şura və cəmiyyətlərin üzvü olmuşdur. Elmi kadrlar hazırlanmasında xidməti vardır.

   Fəxri Xiyabanda dəfn olunmuşdur.

 .

Usta Zeynal Nəqqaş

 

   Usta Zeynal Nəqqaş (Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Abdullazadə; 1839, Ordubad – 1904, Ordubad, Naxçıvan qəzası) - xəttat ,nəqqaş və şair.

   Kiçik yaşlarından poeziyaya, xəttatlıq və naqqaşlıq sənətinə maraq göstərir. Ordubadda sonra isə Təbrizdə mədrəsə almış, nəqqaşlıq sənəti ilə yanaşı, ərəb-fars dillərini və klassik Şərq şeirini mükəmməl öyrənmişdir. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin ən fəal və istedadlı üzvlərindən olmuşdur. Ədəbi irsindən çox az nümunələr dövrümüzədək gəlib çatmışdır. Əlyazma divani itdiyindən yaradıcılığı haqqında ətraflı danışmaq mümkün deyil. Lakin əldə olan nümunələr göstərir ki, Usta Zeynal Nəqqaş həm klassik, həm də tənqidi-realist üslubda şeirlər yazmışdır.

   İctimai məzmunlu şeirlərində dövrün sosial ziddiyyətləri, yoxsul camaatı iqtisadi və mənəvi əsarətdə saxlayan hakim təbəqələr tənqid olunur. Azərbaycanın digər şəhərlərində fəaliyyət göstərən ədəbi məclislərin üzvləri ilə əlaqəsi saxlamış, onlarla şeirlənmiş, məktublaşmışdır.  

 

Əkbər Məftun

   Şair, nasir, publisist

   Əkbər Qurban oğlu Əkbərov (Əkbər Məftun) 1912-ci il aprel ayının 15-də Ordubad şəhərində anadan olmuşdur. O, 1921-1926-cı illərdə Naxçıvan şəhərində beş sinifli ibtidai məktəbdə təhsil almış, sonra 1926-1930-cu illərdə pedaqoji texnikumu bitirmişdir.

   Əkbər Məftun 1930-1934-cü illərdə Nehrəm, Dırnıs, Əndəmic kəndlərində müəllim işləmişdir. 1934-1938-ci illərdə o, Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Bu illərdə Ə.Məftun eyni zamanda "Pioner" jurnalı redaksiyasında Bədii şöbə müdiri, "Azərbaycan pioneri" qəzeti və "Müəllimə kömək" jurnalı redaksiyasında ədəbi işçi, 1935-1941-ci illərdə Bakının 3 (6) nömrəli məktəbində müəllim işləmişdir. O, İkinci Dünya müharibəsinin ilk günlərindən sovet ordusu tərkibində Kerç uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, 1941-1942-ci illərdə Hərbi xəstəxanada müalicədən sonra tərxis olunmuşdur. Əkbər Məftun sonralar Ordubad şəhər yeddiillik məktəbində müdir, orta məktəbdə müəllim, eyni zamanda "Ordubad işçisi" (indiki "Yeni Ordubad") qəzeti redaksiyasında məsul katib, redaktor, radio verilişləri qovşağında diktor, məsul katib, 1943-1954-cü illərdə M.S.Ordubadi adına şəhər Dövlət Dram Teatrında müvəqqəti müdir kimi çalışmışdır. Ordubad şəhər orta məktəbində ilk partiya təşkilatının katibi olmuş, 1953-cü ildə Ordubad rayon xalq Sovetinə deputat seçilmişdir. 1954-1959-cu illərdə o, S.Vurğun adına Ordubad orta məktəbində müdir işləmişdir. Sonra ailəliklə Bakıya köçmüşlər. Burada Azərbaycan Dövlət Universitetinin nəşriyyatında baş redaktor, "Maarif" nəşriyyatında baş redaktor işləmişdir. Əkbər Məftun 1968-ci ildə "M.S.Ordubadinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1969-1985-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində dosent işləmiş, 1985-ci ildə təqaüdə çıxmış və Ordubada köçmüşdür.

   Əkbər Məftun ədəbi fəaliyyətə "Təyyarəçi" adlı ilk şeiri ilə başlamışdır. Bu şeir 1935-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuşdur. 1937-ci ildə ilk "Kiçik heykəltəraş" şeirlər kitabı çapdan cıxmışdır. Məftun 1943-cü ildən Yazıçılar Birliyinin üzvü seçilmişdir. Bundan sonra "Mənim baharım" (1972), "Şəfa bulağı" (1980) şeir topluları çap olunmuşdur. 1987-ci ildə "M.S.Ordubadi" adlı monoqrafiyası nəşr olunmuşdur. Əkbər Məftun dövri mətbuatda da müntəzəm çıxış etmişdir. "Vətən qızı" (1940), "Sevənlər" (1943), "Nəsimi" (1946), "Saray", "Şahin" və s. pyesləri qələmə almışdır.

  Əkbər Məftun xidmətlərinə görə "Şərəf nişanı" ordeni"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı və doqquz medalla təltif olunmuşdur1981-ci ildə müharibə və əmək veteranı adına layiq görülmüşdür.

  Şair, nasir, publisist, Yazıçılar Birliyinin üzvü, Naxçıvanın Əməkdar müəllimi Əkbərov Əkbər Qurban oğlu 1990-cı il sentyabrın 14-də Bakıda vəfat etmiş, Ordubadda dəfn olunmuşdur. 

 

İsmayıl İbrahimov

    Akademik, İctimai-siyasi xadim

    İsmayıl Əli oğlu İbrahimov (31 dekabr 1915Ordubad – 16 iyul 2016Bakı)- avtomatika sahəsində alim.

   Texnika elmləri doktoru (1968), professor (1964). Azərbaycan Milli EA-nın akademiki (1980; müxbir üzvü 1968). Sosialist Əməyi Qəhrəmanı (1986). Azərbaycan Respublikasının əməkdar elm xadimi (1981), SSRİ-nin fəxri neftçisi (1985), SSRİ Dövlət mükafatı laureatı (1983), Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsini bitirmişdir (1941), Böyük Vətən müharibəsi (1941-45) iştirakçısıdır; rabitə taqımı və batalyonunun komandiri olmuşdur. Moskvada nəşr edilən çoxcildlik "XX əsrin əsgərləri" kitabının (c.l) "Böyük Vətən müharibəsinin iştirakçıları - müasir dövrün 200 görkəmli xadimi" bölməsində haqqında məqalə verilmiş 3 azərbaycanlıdan biridir. Azərbaycan Dövlət Neft Akademiyasının nəzarət-ölçü cihazları kafedrasında müəllim, dosent, professor və kafedra müdiri (1946-88) işləmiş, 1960-70-ci və 1978-88-ci illərdə həmin akademiyanın rektoru olmuşdur. 1970-78-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Əsas elmi işləri neftayırma, neft-kimya emal qurğu və proseslərinin kompleks avtomatlaşdırılması üzrə sxemlərin işlənib hazırlanması və sənaye istehsalına tətbiqinin nəzəri tədqiqinə aiddir. 140-dan çox elmi əsərin, 17 monoqrafiya və dərsliyin müəllifidir. Yüksək ixtisaslı elmi və mühəndis kadrlarının hazırlanmasında xidməti vardır. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti nəzdində informatika, hesablama texnikası, avtomatlaşdırma və idarəetmə problemləri üzrə elmi şuranın sədri olub.

     Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (1971-91) və Mərkəzi Komitə Bürosunun (1971-78) üzvü, Azərbaycan SSR və SSRİ Ali Sovetlərinin deputatı (1963, 1967, 1980, 1985) seçilmişdir.

   Respublika Müharibə və Əmək Veteranları Şurası və MDB ölkələri veteranlar şurasının üzvü olmuşdur. Bir neçə orden və medallarla təltif olunmuşdur. İsmayıl İbrahimov 15 iyul 2016-cı ildə vəfat etmişdir. II Fəxri xiyabanda torpağa tapşırılmışdır. 

 

Nəsir Məmmədov

   Professor

   10 may 1907-ci ildə Ordubad rayonun Dəstə kəndində anadan olmuşdur.

   1925-ci ildə orta məktəbi bitirmiş, 1928-1929-cu illərdə Zaqaf­qaziya Kommunist Universitetinə daxil olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir.

   Azərbaycan Ali məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri, Bakının sabiq Keşlə rayon partiya komitəsinin katibi vəzifələrində çalışmışdır.

   1942-1945-ci illərdə C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun direktoru olmuş, burada dilçilik kafedrasına rəhbərlik etmişdir. 1945-ci ildən yenidən BDU-nun Ümumi dilçilik kafedrasında çalışmağa başlamış, 22 il bu kafedrada dosent və professor vəzifələrində işləmişdir. 1947-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.

   1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur.1972-ci ildə yenidən BDU-nun Ümumi Dilçilik kafedrasına keçərək orada professor vəzifəsində çalışmışdır. Azərbaycanda nəzəri dilçiliyin yaradıcılarındandır.

   Nəzəri dilçilik sahəsindəki fəaliyyəti Azərbaycanda bu sahədə elmi fikri xeyli zənginləşdirmişdir.

   Nəsir Məmmədov 25 iyul 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir. 

 

Həbib Məmmədəliyev

   Professor

   Məmmədəliyev Həbib Mehdi oğlu 1912-ci il martın 29-da Ordubad şəhə­rində anadan olmuşdur. Yusif Məmmədəliyevin qardaşı oğludur.

   Böyük Vətən Müharibəsinin (1941-1945) iştirakçısıdır. 1937-ci ildə Azərbaycan Sə­naye İnstitutunu muhəndis-kimyaçı tex­noloq ixti­sası üzrə bitirmişdir.
İkinci Dünya Müharibəsi illərində H.Məmmədəliyev ordu sıralarında iştirak etmiş və hərbi texnikanın yanacaq və sürtkü materialları ilə təmin edilməsi üzərində elmi tədqiqat işləri aparmışdır. 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1955-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1956-cı ildə professor elmi adını almış, 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Azərbay­can SSR Elmlər Akademiyasının Neft İnstitutunun laboratoriya müdiri (1945-1955), SSRİ Elmlər Akademiyasının Neft İnstitutunda boyük elmi işçi, qrup rəhbəri (1955-1961), SSRİ Elmlər Akademiyası Neft-Kimya Sintezi İnstitutunda Aromatik monomerlər laboratoriyasının rəhbəri işləmişdir (1961- 1975). Əsas elmi istiqaməti aromatik karbohidrogenlərin alkil­ləşdirilməsi, dealkilləşdirilməsi və izomerlərə çevrilməsi reaksiyalarına həsr edilmişdir. H.Məmmədəliyev əməkdaşları ilə birlikdə fenolların alümosilikat və turşu katalizator­ları üzərində aklilləşmə və arilalkilləşmə reaksiyalarını ət­raf­lı tədqiq edərək, əsas və əlavə reaksiyaların ümumi sxemlərini müəy­yənləşdirmiş və onların kinetik qanunauyğunluqlarını aşkara çıxarmışdır. Rəhbərliyi ilə işlənib hazırlanmış katalitik rifor­minq prosesi piroliz qurğularında aromatik karbohidrogen istehsalını 1,5-2 dəfə artırmağa imkan vermişdir. Tərəfindən neft və yanar şistlərin pirolizindən alınan ma­ye karbohidrogen tərkibi öyrənilmiş və sənaye miqyasında sənaye neft məh­sulları olan stirol və inden fraksiyasının ayrılma prosesi işlənib hazırlan­mışdır. Rəhbərliyi ilə 15 fəlsəfə doktoru hazırlanmışdır. 180 elmi əsərin, o cümlədən 13 müəlliflik şəhadət­naməsi və 1 monoqrafiyanın müəllifidir.  

   14 may 1975-ci ildə Moskva şəhərində vəfat etmişdir. Bakı şəhərində  dəfn edilmişdir. 

 

Rəfiyev Nəcəfqulu

   Sovet İttifaqı Qəhrəmanı

   Nəcəfqulu Rəfiyev 1915-ci il martın 22-də Ordubad şəhərində anadan olmuşdur. 1935-ci ildə Sovet Ordusuna çağırılmış, 1937-ci ildən ali hərbi məktəbdə təhsil almağa başlamışdır. Faşist Almaniyasının SSRİ-yə hücum etməsindən 4 gün keçdikdən sonra sürücü-mexanik, tank komandiri, tank vzvodunun komandiri kimi Cənub—Qərb, Şimali Qafqaz, 1-ci Belorusiya cəbhələrində alman faşist işğalçılarına qarşı vuruşmalarda iştirak etmişdir. 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən vuruşmalarda, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq etmiş, 1955–1959-cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, Culfa rayon hərbi komissarı işləmişdir. 1959-cu ildə ordudan tərxis olunmuş, Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirmişdir. 1970-ci il dekabrın 24-də vəfat etmişdir.

   N. R. Rəfiyevin adı hələ sağlığında əbədiləşdirilmişdir. Adına Minsk, Ordubad və Bakıda küçə, Ordubadda zavod, Babək rayonunda sovxoz, texnikum və s. var, Ordubad şəhərində büstü qoyulmuşdur. Azərbaycan Respublikasında N. R. Rəfiyevin adına futbol yarışları keçirilir. 

 

Firuzə Əlixanova

   Teatr aktrisası

   Cazibəli səhnə görkəmi və şirin səsi olan Firuzə Məmmədqulu qızı Əlixanova 9 sentyabr 1917-ci ildə Ordubadda doğulub. Buradakı şəhər səkkizillik məktəbində təhsil alıb və Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Şəhərin bayram tədbirlərində şən mahnılar oxuyan Firuzənin ifaçılıq istedadı Səməd Mövləvinin diqqətini cəlb edib. Onun səyi ilə tələbə qız 1932-ci ildə Naxçıvan teatrına aktrisa dəvət olunub. Bu kollektivdə şərəfli və şöhrətli yaradıcılıq yolu keçib. Səhnə xidmətlərinə görə 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti" və 4 oktyabr 1974-cü ildə "xalq artisti" fəxri adları ilə təltif edilib. 45 il səhnədə fədakarlıqla çalışan aktrisa 1977-ci ildə ərizə yazaraq səhnədən uzaqlaşıb.

   İlk dəfə səhnəyə 1932-ci ildə ildə Asya rolunda ("Arşın mal alan", Ü. Hacıbəyli) çıxmışdır. Yaradıcılığı C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə bağlıdır. Dram tamaşaları ilə yanaşı, musiqili əsərlərdə də yaddaqalan səhnə obrazları yaratmışdır. Rolları: Almaz ("Almaz", C. Cabbarlı), Şirin ("Fərhad və Şirin", S. Vurğun), Həcər ("Qaçaq Nəbi", S. Rüstəm), Kruçinina ("Günahsız müqəssirlər", A. Ostrovski), Leyli ("Leyli və Məcnun", Ü. Hacıbəyli), Gülçöhrə və Cahan xala ("Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq qərib", Z. Hacıbəyli), Cənnət ("Qayınana", M. Şamxalov), Beatriça ("İki ağanın bir nökəri", K. Qoldoni), Tükəz ("Hacı Qara", M. F. Axundov), Hafizə xanım ("Pəri-cadu", Ə. Haqverdiyev), Zəhrabəyim ("Anamm kitabı", C. Məmmədquluzadə) və s. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Firuzə Əlixanovanın ifa etdiyi rollar xarakter əlvanlığı ilə də seçiliblər. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (Leyli), "Əsli və Kərəm" (Əsli), "Ər və arvad" (Minnət xanım), "Məşədi İbad" (Gülnaz), "Arşın mal alan" (Gülçöhrə), Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (Şahsənəm), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (Lalə), Şıxəli Qurbanov və Süleyman Ələsgərovun "Özümüz bilərik" (Şölə xanım) opera və operettalarında əsas partiyaların mahir ifaçısı olan aktrisa həmçinin qəhrəman və əsasən, xarakterik tiplərə səhnə həyatı verib. O, hərəkət, sifət və danışıq ifadə vasitələrindən həm ayrılıqda, həm də sintez şəklində məharətlə istifadə edərək yaradıcılıq salnaməsinə çeşidli obrazlar daxil edib. Firuzə Əlixanovanın rollar cəbbəxanasında Böyükxanım, Şərəbanı, Mariya Timofeyevna, Kərbəlayı Fatmanisə ("Aydın", "Yaşar", "1905ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Hafizə ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev),, Zalxa ("Toy", Sabit Rəhman), Şölə xanım, Tükəz ("Lənkəran xanının vəziri" və "Hacı Qara", Mirzə Fətəli Axundov), Ana ("Odlu diyar", Hüseyn Razi), Cənnət xala ("Qaynana", Məcid Şamxalov), Nina ("Şeyx Sənan", Hüseyn Cavid), Gülnar, Məhmənə banu ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Həcər xanım ("Eşq və intiqam", Süleyman Sani Axundov), Şirin xanım ("Yarımçıq şəkil", Adil Babayev), Mənsurə ("Əgər sevirsənsə…", Ramiq Muxtar), kruçinina ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Gertruda, Emiliya ("Hamlet" və "Otello", Vilyam Şekspir), Maşa ("Tribunal", Aleksey Makayenok) kimi yaradıcılıq nümunələri var.

   23 noyabr 1994-cü ildə Naxçıvanda vəfat edib. 

 

Hüsnü Qubadov

   Opera müğənnisi

   Hüsnü Baba oğlu Qubadov 1922-ci il yanvar ayının 4-də Ordubad rayonunun Başkənd kəndində anadan olmuşdur. 1938-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, təhsil illərində İbrahim Həmzəyevin yaratdığı dram dərnəyində iştirak etmiş, Səməd Vurğunun "Vaqif" dramında xanəndə rolunu oynamışdır. O vaxtdan uşaqlıqdan həvəs göstərdiyi müğənnilik sənətinə bağlanmış, özfəaliyyət olimpiadalarında uğur qazanmış, 1958-ci ildə isə Respublika Özfəaliyyət Müsabiqəsinin laureatı olmuşdur. Həmin il M.F.Axundov adına Opera və Balet Teatrına dəvət edilmiş, onun səhnəsində yaddaqalan obrazlar yaratmışdır. Təbii ifa tərzi ilə seçilən müğənni İbn Səlam, Məcnunun atası, Kərəm ("Leyli və Məcnun", Üzeyir Hacıbəyli), "Əsli və Kərəm", Çapqınçı, Rəmmal ("Şah İsmayıl", Müslüm Maqomayev) və s. rolları ifa etmişdir. Teatrın tərkibində Tiflisdə (indiki Tbilisi), Gəncə, Naxçıvan, Şəki və respublikanın digər şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur. Onun ifasında "Şuşa yaylağı", "Üçtelli durna", "Bəhbəh", "Dilin can incidəndir" və digər mahnılar, habelə Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası (YUNESKOnun xətti ilə) qrammofon valına yazılmışdır. Müğənni 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

 O, 1991-ci il avqust ayının 13-də Bakı şəhərində vəfat etmiş və doğulduğu kənddə dəfn edilmişdir. 

 

Rəhim Rəhimov

Rəhimov Rəhim Nurməmməd oğlu 1923-cü il 18 mart tarixində Naxçıvan MR-in Ordubad şəhərində anadan olmuşdur.

1941-ci illdə Ordubad Pedaqoji Texni­kumunu bitirmiş, Azərbaycan Tibb İnstitutunda təhsil almışdır (1945-1950).

“Mədə xərcəngi və xoralarının ilkin rentgenoloji diaqnostikası” mövzusu üz­rə fəl­səfə doktoru dissertatsiyası (1957) “Yoğun bağırsağın xəstəliklərinin dif­fe­rensial rentgen diaqnostikası” mövzusu üzrə elmlər doktor­luğu disser­tasiyası müdafiə etmişdir (1969). Professor adına layiq görülmüşdür (1970). Azərbay­can SSR Elmlər Akademiyasının müxbir üzvü (1983) və həqiqi üzvü (1989) seçilmişdir.

1941-1945-ci illərdə Ordubad rayon kənd məktəblərində muəllim işlə­miş­dir. Naxçıvan MR-in Şahbuz rayon xəstəxanasında cərrah kimi çalışmış (1950-1951), Ordubad şəhərində həkim rentgenoloq kimi fəaliyyət göstər­mişdir (1951-1953).

Azərbaycan Elmi Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutun­da rent­­­gen şöbəsinin müdiri (1957-1970) vəzifəsində çalışmışdır.

Azərbaycan Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkolo­giya İns­ti­tutunun direktor müavini (1970-1974) və direktoru (1974-1989), Milli Onko­logiya Mərkəzinin şüa diaqnostika üsulları şöbəsinin rəhbəri (1989) və məslə­hətçisi (2013) kimi fəaliyyət göstərmişdir.

Alimin ilk dəfə mədə-bağırsaq yollarında patologiyası olan xəstələrdə apar­dığı rentgenoloji tədqiqatların fundamental nəticələri səhiyyə təcrübə­sinə tət­biq edilmişdir. Akademik R.Rəhimov xərçəng, vərəm, polipoz və yoğun bağır­sa­ğın başqa xəstəliklərinin differensiyasına imkan verən simp­tomları və simptom komplekslərini müəyyənləşdirmişdir. O, elmi fəaliyyəti dövründə 200-dən çox elmi işin, müəlliflik şəhadətnaməsi və səmərələş­dirici təklifin müəllifi olmuş, onlardan bir qismi nüfuzlu xarici jurnallarda (ABŞ, Almaniya, Yaponiya, İtaliya və Rusiya) çap olunmuşdur. Dəfələrlə ölkəmizdə və xarici ölkələrdə elmi qurul­tay, konqres və konfraslarda elmi məruzələrlə çıxış etmiş, onun elmi rəhbərliyi ilə 2 elmlər doktoru və 12 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir.

R.Rəhimov “Azərbaycan Tibb Jurnalı”nın (Bakı) (1975-2013), «Вестник рентгенологии и радиологии» (Moskva) redaksiya heyətinin üzvü (1976-1985) olmuşdur. SSRİ Elmlər Akademiyasının “Bədxassəli şişlər üzrə elmi şura­sı­nın” üzvü (1978), Azərbaycan rentgenoloqlarının və ra­dio­loqlarının elmi cə­miyyətinin sədri olmuşdur (1965-1986).

«Rəşadətli əməyə görə» medalı (1970), “Şərəf nişanı” ordeni (1971), «SSRİ-nin səhiyyə əlaçısı» nişanı (1973), “SSRİ-nin Qırmızı Xaç” nişanı (1978), “Əmək veteranı” medalı ilə (1985) təltif olunmuşdur.

1981-cı ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layıq görülmüş­dür. 2013-cü ildə Azərabaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olun­muşdur. 

Akademik Rəhim Rəhimov 2013-cü ilin 6 iyulunda Bakıda vəfat etmişdir. 

 

Əliqulu Ağalarov

   Alim

   Ağalarov Əliqulu Behbud bəy oğlu (23 mart 1923OrdubadNaxçıvan MSSR – 23 iyun 1982Bakı) — Azərbaycan alimi, neyrocərrahıAzərbaycan SSR əməkdar elm xadimi (1971), tibb elmləri doktoru (1967), professor (1970).

   Əliqulu Ağalarov 1923-cü il mart ayının 23-də Ordubad şəhərində doğulmuşdur. Orta təhsilini Ordubad şəhərində almışdır. N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Bakı ŞHK-ndan orduya çağırılmışdır (1941). İkinci dünya müharibəsinin son günlərinədək hərbi təx. xəstəxanasında cərrahlıq etmiş, gənc tibb mütəxəssisi kimi təcrübə dərsi keçmiş, sənətini daha da kamilləşdirmişdir. Neçə-neçə döyüşçünü ölümün pəncəsindən alıb yenidən döyüşən orduya göndərmiş, faşizm üzərində qabaqcıl bəşəriyyətin tarixi qələbəsini öz xeyirxah nəcib işi ilə yaxınlaşdırmağa çalışmışdır. Ağalarov bu qələbəni Avstriyanın paytaxtı Vyana şəhərində cərrahiyyə vzvodunun komandiri kimi tibb xidməti podpolkovniki (1945) rütbəsində qarşılaşmışdır. Ordudan tərxis olunduqdan sonra keçmiş Azərbaycan SSR Elmlər Akademiyası Eksperimental Tibb İnstitutunun kiçik elmi əməkdaşı N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun təxliyyə cərrahiyyəsi kafedrasının assistenti olmuşdur. Ağalarov 1954-cü ildə qastroenterologiya sahəsində tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. Mədə-bağırsaq cərrahiyyəsi üzrə ixtisaslaşma niyyətində olan Ağalarov qardaşı İsrafilin qəflətən beyin xərçəngi xəstəliyindən ölümündən sonra düz 13 il ərzində ixtisasını dəyişərək "Böyük beyin qatındakı şişlərin götürülməsindən sonra beyinin sağalma histologiyası" mövzusunda doktorluq dissertasiyasını da Moskva şəhərində müvəffəqiyyətlə müdafiə etmişdir. Onun elmi rəhbərləri keçmiş SSRİ TEA-nın görkəmli alimlərindən akademiklər B. Y.Yeqorov (eynisoyadlı kosmonavtın atası) və A.P.Avtsın Ağalarovun bu çox önəmli tədqiqat işindən rəğbətlə təcrübi və elmi əsaslarla ümumittifaq mərkəzi qəzetlərdə dərc etdirdikləri sanballı məqalələr müvafiq tibb müəssisələri rəhbərlərinin diqqətini cəlb etmiş və Ağalarov öz institut və klinikalarında müdafiə etdiyi çox aktual və önəmli bu mövzu ilə birbaşa bilavasitə bağlı vəzifələrə irəli çəkmişlər. Beləliklə də, doktorluq dissertasiyasını uğurla başa vuran Ağalarov bir müddət Moskva şəhərində keçmiş SSRİ Tibb Elmləri Akademiyası (TEA) Neyrocərrahiyyə İnstitutunda və Burdenko adına Neyrocərrahiyyə Klinikasında işləmişdir. 1971-ci ildə keçmiş Azərbaycan SSR-də tibbin səhiyyənin müasir tələblərlə yenidən qurulmasında əvəzsiz xidmətləri olan Azərbaycan hökumət başçısı H. Ə. Əliyevin şəxsi təşəbbüsü və dəvəti ilə Ağalarov respublikaya qayıtmışdı. 1971-ci ildən ömrünün son günlərinədək N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun neyrocərrahiyyə kafedrasının müdiri kimi coşqun fəaliyyət göstərmiş neçə-neçə elmi kadrlar yetişdirmişdir. Azərbaycan Respublikasında Zaqafqaziyada ilk dəfə olaraq Ağalarovun sönməz enerjisi və səyləri sayəsində neyrocərrahiyyə mərkəzi yaradılmışdı. Ağalarov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin neyrocərrahiyyə üzrə baş mütəxəssisi, keçmiş SSRİ-nin Ümumittifaq Neyrocərrahiyyə İdarəsinin aparıcı mütəxəssislərindən biri, idarə heyətinin üzvü kimi respublikamızı və sovet elmini ümumittifaq və beynəlxalq simpoziumlarda və konfraslarda ləyaqətlə təmsil etmişdir

 

Hüseyn Razi

   Şair, dramaturq

   Rzayev Hüseyn Məmməd oğlu (Hüseyn Razi17 oktyabr 1924DəstəNaxçıvan MSSR – 27 fevral 1998DəstəNaxçıvan Muxtar Respublikası) – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984).

   1924-cü il oktyabrın 17-də Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Ordubad Pedaqoji Məktəbini bitirdikdən sonra Culfa rayonunun Ərəzin kəndində orta məktəbdə müəllim işləmişdir (1941-1943). İkinci dünya müharibəsində Sovet ordusu sıralarında Oryol, Kursk, Bryansk istiqamətində gedən döyüşlərdə iştirak etmiş, yaralanmış, sağaldıqdan sonra kiçik təyyarə mütəxəssisləri məktəbini bitirmiş, ikinci Pribaltika cəbhəsində əlahiddə uzaq kəşfiyyat alayında xidmət etmiş, ordudan tərxis olunmuşdur (1943-1945). Ordubadda səkkizillik məktəbdə müəllim, Dəstə kənd klubunda müdir, Naxçıvan Radio Verilişləri Redaksiyasında redaktor, "Şərq qapısı" qəzetində ədəbi işçi, Azərbaycan Teleqraf Agentliyinin Naxçıvan MR üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. "Şərq qapısı" qəzetində Ədəbiyyat və İncəsənət şöbəsinin müdiri olmuş (1962-1989), sonra təqaüdə çıxmışdır (1989). S.M.Kirov adına ADU-nun filologiya fakültəsini bitirmişdir (1959). 1947-ci ildə ilk şeirləri "Şərq qapısı" qəzeti və "İnqilab və mədəniyyət" jurnalında çap olunmuş, bundan sonra dövri mətbuatda müntəzəm olaraq çıxış etmişdir. O, poetik yaradıcılıqla bərabər tərcümə ilə də məşğul olmuşdur. M.İsakovski, L.Martınov, S.Mixalkov, S.Şipaçev, O.Şestinski, R.Həmzatov, R.Babacan, A.Bartonun şeirlərini dilimizə tərcümə etmişdir. Şeirləri türk, tatar, fars, fransız və rus dillərinə tərcümə olunmuşdur. Dramaturq kimi onun "Odlu diyar" (1963), "Tarla gözəli" (1964), "Günəş" (1968), "Arxalı dağlar" (1974), "Haray səsi" (1978), "Şirinliyin acısı" (1981) pyesləri teatrlarda tamaşaya qoyulmuşdur. "Buludlar arasında", "Həyəcanlı gecə" nəsr əsərlərinin, yüzlərlə publisistik məqalə və oçerklərin, teatr resenziyalarının, "İrəvan ədəbi mühiti" adlı irihəcmli tədqiqat işinin müəllifidir. Çexiya, Macarıstan, Slovakiya, Polşa, İran, İraq və başqa xarici ölkələrə səfər etmişdir. Xidmətlərinə görə bir neçə medalla, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin və Naxçıvan MR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanlarına layiq görülmüşdür.

   1998-ci ildə fevral ayının 27-də vəfat etmiş və doğulduğu Dəstə kəndində dəfn edilmişdir. 

 

Qurbanəli Əliyev

   Fizika-riyaziyyat elmləri doktoru

   Qurbanəli Əliyev 1925–ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kotam kəndində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1948 – 1954- cü illərdə Naxçıvan şəhərindəki müəllimlər institutuda, 1954 – 1956-cı illərdə Ordubad şəhərindəki 1 saylı orta məktəbdə müəllim işləmişdir. 1956 –cı ildə AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası üzrə aspiranturaya daxil olub. Burada görkəmli alim akademik H.Abdullayevin elmi rəhbərliyi altında texnikada geniş tətbiq olunan mono və polikristal, amorf və maye selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1960-cı ildə namizədlik, 1968-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. Q. Əliyev 1970-ci ildə professor elmi adı almışdır. O 1969 –cu ilədək AMEA Fizika İnstitutunda böyük elmi işçi, 1969 –cu ildən ömrünün sonuna kimi Azərbaycan Tibb Universitetində kafedra müdiri, professor vəzifələrində çalışmışdır.   Qurbanəli Əliyevin əsas elmi fəaliyyəti selen yarımkeçiricisinin müxtəlif modifikasiyalarının (heksaqonal, monoklin, amorf) alınmasına və onların fiziki xassələrinin tədqiqinə həsr olunmuşdur. Aparılan tədqiqatlar selenin xassələrində müşahidə olunan anomallığın səbəblərini müəyyənləşdirməyə, selenin müxtəlif modifikasiyalarında keçiriciliyin növünü idarə etməyə, müxtəlif növ aşqarların(qələvi metalların, hallogenlərin ) selendə keçiriciliyin növünün müəyyənləşməsində rolunun aydınlaşdırılmasına, köçürmə hadisələrinin mexanizmi üçün modelin təklif olunmasına imkan yaratmışdır. Q. Əliyevin selenin fiziki xassələri haqqında təklif etdiyi mexanizm eyni quruluşlu digər yarımkeçirici materiallarda (məs. polimerlərdə) və qeyri-kristallarda müşahidə olunan anomal fiziki hadsələrin mexanizminin aydınlaşdırılmasında tətbiq oluna bilər. Əliyev Q.M. Azərbaycan Tibb Universitetində işlədiyi müddətdə Tibbi kadrların müasir tələblərə uyğun səviyyədə hazırlanmasına səy göstərmiş, fizika elminin müasir nailiyyətlərinin - lazer şüalanmasının, lifli optikanın, elektron pramaqnit rezonansının, ultrasəs dalğalarının və s. tibbi diaqnostikada, cərrahi əməliyyatlarda, müxtəlif xəstəliklərin müalicəsində rolunun tələbələr tərəfindən mənimsənilməsinə xüsusi diqqət yetirmişdir.

   Qurbanəli Əliyev 2009-cu il avqust ayının 9-da vəfat etmişdir. 

 

Rüstəm Behrudi

   Şair, ictimai xadim

   Rüstəm Behrudi 1957-ci il sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur. O, 1964-cü ildə səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilini C.Cabbarlı adına Biləv kənd orta məktəbində almışdır. 1974-1975-ci illərdə Behruddakı kolxozda işləmiş, elə həmin il Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-ədəbiyyat fakültəsinə qəbul olmuşdur. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.

   Rüstəm Behrudi 1979-1984-cü illərdə Ordubad rayonundakı Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır. Kələki və Unus kəndlərində işlədikdən sonra Ordubadda muzeydə elmi şuranın üzvü kimi çalışmışdır. Rüstəm Behrudi 1984-cü ildə Bakıya gəlmiş, 1986-1990-cı illərdə "Yazıçı" bədii ədəbiyyat nəşriyyatında fəhlə, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vəzifələrində çalışmışdır. Həmçinin şair bir müddət Sabir Rüstəmxanlının rəhbərliyi ilə nəşr edilən "Azərbaycan" qəzetində redaksiya müdiri kimi fəaliyyət göstərmişdir. Fikir və düşüncələrinə görə sovetlər dönəmində təqib olunmuş, habelə həbsdə yatmışdır.

   Bütün ömrünü ədəbiyyata həsr eləmiş Rüstəm Behrudi ədəbi fəaliyyətə 70-ci illərdə başlayıb. O, ilk şeirini orta məktəbdə yazıb. Behrudinin şeirləri "Azərbaycan", "Araz" almanaxlarında mütəmadi olaraq çap olunub. Şair dövri mətbuatda şeir və publisistik yazıları ilə fəal çıxış edir. Rüstəm Behrudi yaradıcılığında türkçülük və dərviş fəlsəfəsi üstünlük verir. Şair "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" və sair şeir kitablarının, "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabının müəllifidir. Onun "Şaman duası" kitabı türkdilli dövlətlərdə dillər əzbəridir, kitabdan seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə nəşr olunub. 1989-cu ildə yazılmış "Salam, dar ağacı" şeiri müstəqillik ərəfəsi Azərbaycan vətəndaşlıq poeziyasının proloqu kimi qiymətləndirilir. Yaradıcılığından seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə edilib. C.Məmmədquluzadəyə həsr elədiyi "Daha gülə-gülə ağlamaq olmur", həbsxana gündəliyindən ibarət "Nəfəs almağı unudan adam" poemaları ədəbiyyatımızın ən gözəl poetik nümunələrindən hesab olunur. "Ölüm, xoş gəldin", "33 yaşımda, yaxud anamın adı Zəhra", "Vətən"(1985), "Söz necə mənə oxşayır", "Gör necə mənə oxşayır", "Ata dili", "Hər şey ayrılıqdan başladı"(1984) və s. şeirlərin müəllifidir. Rüstəm Behrudinin "Ruhumuzun sərhədləri", "Mən də bir vaxt adam idim", "Paylaşılan yalnızlıq-yalnızlıq deyil" publisistika silsilələri təsirli və mənalı esselərdir. "Səs-tənhalığın rəsmidi" adlı essesində Alim Qasımov haqqında düşüncələri öz əksini tapmışdır. Vaqif Cəbrayılzadədən bəhs edən "Vaqif, sənə deyiləsi sözlərimə yağış yağır" essesi məzmunlu bir poetik-publisistika nümunəsidir.

   "Son bahardan oğluma məktublar" silsiləsindəki esselər ictimai-məzmunu, mahiyyəti etibarilə Rüstəm Behrudinin yaradıcılığının əsas tezislərini səsləndirir.